AVTOMOBİLTEXNOLOGİYA

BMW ən son texnologiyalarını ictimaiyyətə təqdim etdi

0

Texnologiya nəhənglərini bir araya gətirən Consumer Electronics Show (CES) tədbirində avtomobil sektorunun innovativ istehsalçısı BMW də iştirak etdi. Hər biri digərindən daha maraqlı yeni texnologiyaları ilə ziyarətçilərin qarşısına çıxan şirkət, rəngini dəyişən avtomobil konseptini nümayiş etdirdi.

Şirkət rəngini dəyişə bilən BMW iX Flow modeli ilə yanaşı, BMW iX M60 avtomobilini də ilk dəfə olaraq avtomobil həvəskarlarına təqdim etdi. BMW-nin “ilk”ləri sırasında IconicSounds Electric, Theater Screen və Digital Art Mode kimi texnologiyalar oldu.

Gəlin, BMW-nin böyük maraqla qarşılanan yeni texnologiyaları ilə daha yaxından tanış olaq.

BMW iX Flow

Rəng dəyişdirən BMW İX Flow avtomobil modeli CES 2022-nin ən diqqətçəkən məhsullarından biri oldu. Avtomobilə bu özəlliyi qazandıran Flow – E Ink texnologiyasıdır.

Açıq və tünd rənglərin işığı və istiliyi əks etdirmə xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış Flow – E Ink rəng dəyişdirmə texnologiyası hava şəraitinə uyğun olaraq daxili temperaturu optimal səviyyədə saxlamaq qabiliyyətinə malikdir. Beləliklə, avtomobilin kondisioner sistemi avtomobilin salonunu soyutmaq və ya qızdırmaq üçün daha az güc sərf edərək enerjiyə qənaət edir.

BMW iX Flow-un üst təqəsi diametri insan saçının qalınlığına bərabər olan milyonlarla mikrokapsuldan ibarətdir. Bu mikrokapsullar mənfi yüklü olduqda ağ, müsbət yükləndikdə isə qara olur. Seçilmiş rəng parametrindən asılı olaraq, E Ink texnologiyası elektrik sahəsi vasitəsilə ağ və ya qara mikrokapsulların səthində rəng piqmentlərinin toplanmasına imkan verir və bununla da avtomobilin kuzovunun rəngini dəyişir.

BMW iX M60

Şirkətin ən sürətli və ən güclü elektrikli avtomobili olan bu model, ön və arxa tərəflərdə yerləşən elektrik mühərrikləri sayəsində 619 at gücünə malikdir. Yeni BMW iX M60 0-dan 100 km/saata cəmi 3,8 saniyəyə çatır. WLTP normalarına görə, avtomobil tam enerji ilə doldurulduqda 575 km yol qət edə bilir. Yeni BMW iX M60 cəmi 10 dəqiqəlik şarjla 150 km məsafə qət edir.

BMW Theatre Screen

Bu özəlliyə avtomobil içi əyləncə sistemi deyə bilərik.  31 düymlük multimedia ekranına sahib olan sistem, My Mode Theater xüsusiyyəti ilə avtomobilin arxa oturacaqlarını tam bir kinoteatra çevirir desək, yerinə düşər.               

Digital Art Mode

Digital Art Mode avtomobilin funksiyaları və interyerini harmonik şəkildə birləşdirir. Daha aydın desək, bu özəllik sayəsində sürücü avtomobilin daxili dizaynını, sükanın həssaslığını, avtomobildəki ətraf işıqlandırma və BMW Curved Display multimedia ekran interfeysini sadəcə bir toxunuşla və ya səs əmri vasitəsilə öz əhvalına və zövqünə uyğun dəyişə bilər.

Hazırda yalnız BMW iX M60-da mövcud olan Digital Art Mode 2022-ci ildə uzaqdan proqram yeniləməsi vasitəsilə bəzi köhnə modellərə əlavə olunacaq.

Ingenuity Mars helikopteri 2022-ci ilin ilk uçuşunu edəcək

Əvvəlki

Realme GT 2 3 dəqiqə içərisində satış rekordu qırdı

Sonrakı

Rəylər

Login/Sign up